Search
Generic filters

Urofloumetriya nədir

Sidik ifrazının pozğunluqları ilə müşayiət olunan xəstəliklərin  diaqnostikasında urodinamik müayinələr xüsusi yer tutur. Bu müayinələr hidrodinamikanın qanunlarının sidik ifrazına tətbiq edilməsinə əsaslanır. Sidik ifrazı dinamik proses olduğuna görə onun pozğunluqlarının araşdırılması da dinamik göstəricilərə

əsaslanır. Urodinamik müayinələr infravezikal obstruksiyaların, dizuriyaların, inkontinensiyaların və neyrogen sidik kisəsinin diaqnostikasında  tətbiq edilir. Əvvəllər həkim yalnız sidik şırnağının vizual

müayinəsinə əsasən şırnağın gücü və obstruksiya haqqında müəyyən bir nəticəyə gəlirdisə, 1950-ci ildən etibarən aşağı sidik yollarını sidik ifrazı zamanı flüoroskopiya ilə müayinə etmək mümkün oldu. 1960-cı ildən etibarən isə hidrodinamikanın qanunları aşağı sidik yollarının fiziologiyasına tətbiq edilməyə

başladı. Urodinamik müayinələrə əsasən sidik kisəsinin funksional vəziyyəti, sfinkterin və sidik şırnağının xüsusiyyəti haqqında məlumat əldə etmək mümkündür. Sidik ifrazı sidik kisəsi əzələlərinin yığılmasından və sidik kisəsi sfinkterinin müqavimətindən asılı olduğuna görə bunların disfunksiyası sidik ifrazının pozulmasına səbəb olur və sidiyin axma tezliyində müəyyən pozğunluqlar şəklində özünü göstərir.

SİDİYİN AXMA TEZLİYİ

Sidiyin axma tezliyi və ya urofloumetriya sidiyin axma sürətini  ml/san ilə qiymətləndirən urodinamik müayinə üsuludur.(Şəkil 11-1) Urofloumetriyaya göstərişlər.

1. Sidik ifrazı (miksion) disfunksiyaların diaqnostikası,

2. İnfravezikal obstruksiyaların diaqnostikası,

3. Aşağı sidik yollarının funksiyalarını dəyişdirən əməliyyatlardan əvvəl və sonra.

Normada sidiyin axma sürəti kişilərdə 20-25 ml/san, qadınlarda isə 25-30 ml/san-dir. Bu göstəricilərin dəyişməsi yaş və ifraz olunan  sidiyin miqdarı ilə düz mütənasibdir. Bu göstəricilərin 15 ml/san-dən aşağı olması aşağı sidik yollarında obstruksiyanın olmasına göstərir.   

Sidiyin axma sürətinə təsir edən əsas faktor sidik kisəsi boynunun rezistentliyidir. Rezistentliyin yüksəlməsi isə mexaniki və funksional səbəblərlə bağlıdır. Funksional səbəblər içərisində sidik kisəsinin

daxili və xarici sfinkterinin aktivliyi əsas yer tutur. Sidik kisəsinin daxili sfinkterinin hiperaktivliyinə qadınlarda nadir hallarda rast gəlinir. Kişilərdə isə sidik kisəsi boynunun neyrogen disfunksiya və

distal obstruksiya nəticəsində hipertrofiyası hesabına baş verir. Xarici sfinkterin hiperaktivliyi isə əsasən kimyəvi, bakterial, hormonal faktorların təsirindən və ya funksional xarakterli ola bilər. Mexaniki səbəblər içərisində qadınlarda yatrogen mənşəli zədələnmələr, sistosele, kişilərdə isə prostat vəzinin adenoması və uretranın strikturaları xüsusi yer tutur. Urofloumetriyada əsas kriteriyalar aşağıdakılardır.

a) Maksimal axma sürəti. Urofloumetriyada ən əhəmiyyətli göstərici olub kişilərdə 20-25 ml/san, qadınlarda isə 25-30 ml/san olması normal hesab edilir. Dolu sidik kisəsi ilə axma sürətinin 15 ml/sandən az olması infravezikal obstruksiyanın olmasını göstərir;

b) Gecikmə müddəti. Sidik ifrazına başlama istəyi ilə sidik ifrazına  başlama müddəti arasında keçən vaxtdır. Normada 10 san-dən azdır.

c) Xaric olan sidiyin həcmi. Xəstənin xaric etdiyi sidiyin ümumi  həcmidir. Normada 200-300 ml-dir.

d) Axma müddəti. Sidik ifrazının başlanması ilə qurtarması arasındakı zaman fərqidir.

e) Sidiyin orta axma sürəti. Xaric olan sidiyin həcminin axma müddətinə olan nisbətidir.

Urofloumetriyada rast gəlinən patoloji göstəricilər aşağıdakılardır:

1. Sidik kisəsi əzələlərinin (detruzorun) hiperaktivliyi,Maksimal axma sürəti qısa müddətdə baş verir. Detruzorun qüvvətlə yığılması və sidik kisəsi boynunun qısa müddətdə açılmasının nəticəsidir.

2. Maksimal və orta axma sürətlərinin aşağı olması – infravezikal obstruksiyalarda rast gəlinir.

3. Detruzor – sfinkter dissinergiyası – neyrogen sidik kisəsi olanlarda detruzorla sfinkterin qeyri-sinergist fəaliyyəti nəticəsində baş verir.

4. Fluktuasiya edən detruzor yığılmaları – Detruzor yığılmaları sidik kisəsində davamlı təzyiq yaratmayıb alçaq təzyiqli dalğalanmalar göstərir.