Search
Generic filters

Sidik qaçırma – inkontinensiya

 Sidik qaçırma və ya inkontinensiya həm kişilərdə həm də qadınlarda rast gəlıinən uroloji problemlərdən biri olub əsasən 35-40 yaşlarından sonra rast gəlinir. Qadınlarda daha çox rast gəlinsə də utancaqlıqla əlaqədar müraciətlər həqiqi rast gəlinməsindən daha azdır. Qadınlarda sidik qaçırmanı törədən səbəblər daha çox olduğuna görə rast gəlinmə faizi də daha yeksəkdir. İnkontinensiya və ya sidik saxlamamazlıq sidiyin qeyri-iradi olaraq xaric olunmasıdır.

SIDIK QAÇIRMANIN HANSI NÖVLƏRI VARDIR?

 1. Daimi və ya həqiqi inkontinensiya: Sidiyin qeyri-iradi, istənilən vəziyyətdə və daim xaric olmasıdır. Daimi inkontinensiyanın əsas səbəbi urogenital fistulalardır. Urogenital fistulalar əsasən, mamalıq travmasından, ginekoloji əməliyyatlardan sonra rast gəlinir. Daimi inkontinensiyanın ikinci əsas səbəbi sidik kanalına və qadınlarda cinsiyyət yollarına açılan ektopik sidik axarıdır.

Ektopik sidik axarı çox zaman böyrəyin displastik yuxarı seqmentindən başladığına görə xaric olan sidiyin miqdarı az olur. Lakin, xəstələr sidiyin çox hissəsini normal şəkildə xaric edirlər. Ektopik sidik axarı kişilərdə xarici sfinkterdən proksimal hissədə, sidik kisəsinin boynunda və sidik axarının prostat hissəsində xaricə açıldığına görə onlarda inkontinensiyaya səbəb olmur.

2. Gərginlik inkontinensiyası (stress incontinence). Öskürmə, gülmə, gücənmə, asqırma və digər qarındaxili təzyiqi artıran vəziyyətlərdə sidiyin qeyri-iradi xaric olmasıdır. İnkontinensiyanın bu növü əsasən qadınlarda, doğuşlardan sonra və menopauza dövründə rast gəlinir. Kişilərdə prostatektomiya əməliyyatından sonra, xarici sfinkterin zədələnməsi nəticəsində baş verir.

3. Paradoksal- daşma tipli inkontinensiya – xroniki sidik ləngiməsində, sidiyin

artıq miqdarda toplanması- retensiyası nəticəsində baş verir. Xəstələr sərbəst sidik xaric edə bilmədikləri halda sidik qeyri-iradi olaraq damcı ilə xaric olur. Bu, əsasən yaşlı kişilərdə, prostat vəzinin adenomasının son mərhələsində və neyrogen sidik kisəsində rast gəlinir

Inkontinensiyanın tipləri – daşma tipli, stess və sıxışma inkontinansı

4. Çağırış tipli (urge ) inkontinensiya – Bu xəstələrdə əsasən sidik kisəsi dolduqda sidik ifarazını başlatmazdan əvvəl sidik saxlamanı ləngidə bilməməsi nəticəsində baş verir. Həm qadınlarda həmdə kişilərdə ola bilər. Bu xəstələrin şikayətlərini dinlədikdə eynilə bu şəkildə: “Doktor normalda asqıranda, öskürəndə sidik qaçırma yoxdur, ancaq tuvaletə çata bilmirəm. Tam tuvaletə çatana yaxın az miqdarda da olsa sidik qaçırmam olur”.Bunun isə müalicəsi əslində ancaq dərman müalicəsidir. Bu insanlar cərrahidən fayda görmür.

5. Yatrogen ( keçirilmiş əməliyyatlar nəticəsində) inkontinensiya – daha çox kişilərdə prostat vəzinin adenoması və prostat kanseri əməliyyatlarından sonra yaranır

 Sidik qaçırmanın risk faktorları hansılardır?

Bir sıra xəstəliklər vardır ki, bu xəstəliklər hər iki cinsdə sidik qaçırmanın yaranmasına gətirib çıxarır.Qadınlarda çoxsaylı doğuşlar, doğuşun travmatik olması, doğuş zamanı dölün doğuş yollarında uxun müddət qalması, çanaq əzələlərinin zəifiliyi  və köklük qadınlarda, alkoqolizm, , urogenital infeksiyalar, prostat vəzinin adenoması, və prostat vəzinin kanserinə görə aparılmış əməliyyatlar isə kişilərdə risk faktorları hesab edilir. Mərkəzi sinir sisteminin və onurğa beyninin bir sıra xəstəlikləri ( dağnıq skleroz, parkinsionizm və s) əsas risk faktorlarına daxildir

SIDIK QAÇIRMANIN DIAQNOSTIKASI NECƏ APARILIR?

Sidik qaçırma səbəbləri çox və bir neçə sistemin zədələnməsi nəticəsində yarandığına görə diaqnostikası mürəkkəbdir. Bununla bağlı həm xəstələrdə urogenital system, həm sinir sistemi həm də digər orqanlar müayinə olunmalıdır.  Həm instrumental həm də labarotor müayinələrlə kompleks araşdırma  aparılmalıdır. Sinir sisteminin pozğunluqları əsas səbəblərdən biri olduğuna görə xəstələr nevropatolq tərəfindən mütləq baxılmalıdır. Xəstələrin müayinəsinə isə ətraflı anamnez – xəstəlik və xəstə haqqında məlumat toplamaqla başlamaq lazımdır.

 Laborator müayinələrdən sidik analizi ilkin müayinələrdən heaasb edilir. Bəzi sidik yollarının xroniki infeksiyası zamanı da sidik qaçırma halları müşahidə olunur. Xüsusilə sidikdə göynəmə yanma hissi varsa, mütləq həkimə müraciət etmək və ya dediyimiz kimi sidikqaçırma var, amma deməyə çəkindiyiniz bir problemdirsə, bunları ən bəsit, ya sadə bir üsulla, dərmanla müalicəsi vardır.

Ultrasəs müayinəsi  sidik sistemi və qadınlarda ginekoloji orqanlar haqqında ətraflı məlumat almağa imkan verir. Sistoqrafiya və urodinamik müayinələr içərisində xüsusi yer tutur. Urodinamik müayinə xüsusilə inkontinans tiplərini ayırd etmədə ən güvənilən müayinə üsulu hesab edilir .

SIDIK QAÇIRMANIN MÜALICƏSI NECƏ APARILIR?

Müalicəsi həm dərmanlarla həm də cərrahi üsulla aparılır. Müalicə üsulu inkontinansın tipindən asılı olaraq çox müxtəlifdir. Bu xəstəliyin diaqnostikası müalicəsindən daha çətindir. Differensial olaraq doğru yanaşılmış xəstələrin müalicəsi çətin deyildir. Sidik kisəsi oyanıqlığını azaldan dərmanlar, antibiotiklər və mərkəzi sinir sisteminə təsir edən dərmanlar əsas dərmanlardır. Cərrahi müalicə qadınlarda və kişilərdə istifadə edilən slinglər (TOT və TVT) və süni sfinkterin qoyulması əməliyyatlarıdır.

Şəkil: SIDIK QAÇIRMADA ISTIFADƏ OLUNAN TOT VƏ TVT ƏMƏLIYYATLARININ SXEMATIK GÖRÜNÜŞÜ