Search
Generic filters

Sidikdə zülalın olması

Sidikdə zülal, sidikdə zülalın müayinəsi, diaqnostikası

Sidikdə zülal, sidikdə zülalın müayinəsi, uroloji və nefroloji xəstəliklərin müalicəsi üçün önəmli müayinələrdən biridir. Sidikdə zülalın olması proteinuriya adlanır. Sağlam şəxslərdə gün ərzində sidiklə ifraz olunan zülalın miqdarı 80-150 mq və ya 0,03 q/ldir. Uşaqlarda 10 mq/24 saat, yetkin şəxslərdə isə 300mq/24 saat- dan artıq zülalın xaric edilməsi proteinuriyanı göstərir.

Sidikdə zülalın olmasının səbəbləri nələrdir?

Proteinuriya renovaskulyar, qlomerulyar, tubulointerstisial böyrək xəstəliklərinin və ya sidiyə artıq miqdarda zülalın keçməsi ilə xarakterizə olunan mieloma xəstəliyinin nəticəsi ola bilər. Bundan başqa proteinuriya
ikincili olaraq qeyri-böyrək xəstəliklərinin və ağır fiziki işin nəticəsi ola bilər. Sidikdə zülalın miqdarı orqanizmin hidratasiya vəziyyətindən asılıdır. Aşağı sıxlıqlı sidikdə proteinuriyaya görə aparılan testlər yanlış olaraq mənfi olur.

Sidikdə olan zülalların növləri hansılardır?

 Sidikdə zülal, sidikdə zülalın müayinəsi,  uroloji və nefroloji xəstəliklərin müalicəsi üçün önəmli müayinələrdən biridir
Sidikdə zülalın olması.

 \Normada sidikdə olan zülalların 30%-ni
albuminlər, 30%-ni qlobulinlər, 40%-ni isə toxuma zülalları ( TammHorsfall) təşkil edir. Bu nisbət qlomerulyar filtrasiya, tubulyar reabsorbsiya və ya sekresiya pozğunluğu ilə xarakterizə olunan xəstəliklərdən asılı olaraq dəyişə bilər. Buna görə də bu zülalların elektroforezi proteinuriyanın etiologiyasını dəqiqləşdirməyə imkan verir.

Tərkibində çoxlu miqdarda leykosit, epitel hüceyrələri və ya vaginal sekret olan sidiyin müayinəsi zamanı zülal testləri yanlış olaraq müsbət olur. Ginsburq və əməkdaşları proteinuriyanın daha dəqiq təyini üçün səhər sidiyində protein-kreatinin nisbətinin təyin olunmasını təklif etmişlər. 1qr kreatininə düşən zülalın miqdarının  0,2 mq olması normal qəbul edilmişdir. Bu nisbətin 3,5 mq-dan artıq olması proteinuriyanın olmasını göstərir.

Sidikdə zülalın yaranmasının mexanizmləri nələrdir?

Proteinuriyanın patofiziologiyası.
Proteinuriyanın əsas səbəblərini 3 qrupda birləşdirmək olar: 1)
qlomerulyar, 2) tubulyar, 3) plazmada qeyri normal zülalların artması nəticəsində meydana çıxan proteinuriya Qlomerulyar proteinuriya, proteinuriyanın əsas səbəblərindən biri olub membran keçiriciliyinin artması nəticəsində meydana çıxır. 24 saat ərzində toplanmış sidikdə zülalın 1,0 qr-dan artıq olması qlomerulyar proteinuriyanın göstəricisidir.

Qlomerulyar proteinuriyada sidikdə tapılan əsas zülal albumindir. Bu proteinuriyanın əsas səbəb olan xəstəliklər membranoz qlomerulonefrit, Lüpoid nefroz, şəkərli diabet və poststreptokok qlomerulonefritdir.
Tubulyar proteinuriya böyrək borucuqlarında zülalların natamam sorulması nəticəsində əmələ gəlir.

24 saat ərzində xaric olan sidikdə olan zülalın miqdarı 2-3 qr-dan artıq olur və əsasən kiçik molekullu zülallar ekskresiya olunur. Bu tip proteinuriya Fankoni sindromunda, pielonefritdə, renal tubulyar asidozda rast gəlinir Plazmada qeyri-normal zülalların miqdarının artması nəticəsində meydana çıxan proteinuriyada böyrək yumaqcıqlarından filtrasiya olunan zülalların miqdarı artmış olur.

Böyrək borucuqlarına daxil olan zülalların miqdarı reabsorbsiya həddini aşdığına görə sidikdə zülalın miqdarı artır. Başqa sözlə böyrək xəstəliyinin olmamasına baxmayaraq sidikdə zülal tapılır. Bu cür proteinuriya mieloma xəstəliyində rast gəlinir və zülallar əsasən immunoqlobulinlərdən ibarət olur.

Sdikdə zülalın təsnifatı nə cürdür?

Proteinuriyanın təsnifatı
1. Xəstəliklərlə əlaqəsinə görə;
a) funksional – ağır fiziki iş, uzun müddət ayaqüstü durmaq,
yüksək hərarət.
b) patoloji
2. Mənbəyinə görə;
a) prerenal – ürək xəstəlikləri, leykozlar
b) renal – nefrotik sindrom, qlomerulonefrit, böyrək vərəmi,
pielonefrit
c) postrenal
3. Tərkibinə görə;
a) selektiv
b) qeyri-selektiv
4. Xaric olan zülalın miqdarına görə;
a) zəif
b) xəfif
c) ağır
5. Davamiyyətinə görə;
a) keçici
b) fasiləli
c) daimi

Sidikdə zülalın təyin olunma üsulları hansılardır?

Sidikdə olan zülalın miqdarını təyin etmək üçün müxtəlif üsullardan istifadə edilir. Ən sadə üsul sidiyin qaynadılması sınağıdır. Sınaq şüşəsinə tökülən sidiyin üst qatı qaynadılır. Sidiyin bulanması proteinuriyanın varlığını göstərir. Bir neçə damcı asetat turşusu əlavə edilmiş sidikdən qazın xaric olması eyni zamanda sidikdə karbonatların olmasını göstərir.

Bundan başqa proteinuriyanı təyini üçün tetrabromfenolla boyanmış kağız indikatorlardan (dipstick və ya strip test) istifadə edilir. Bu indikatorlar zülalın təsirindən mavi rəngə boyanır. Bu üsulla sidikdə 20-30 mq zülal təyin olunur. Qələvi və aşağı sıxlıqlı sidikdə və ya sidikdə qeyri albumin zülalları olduqda bu test mənfi olur. Sidik zülallarının 3%-li sulfosalisil
turşusu ilə çökdürülməsi daha dəqiq üsul olub 15mq/dl-dən aşağı
miqdarda və qeyri albumin zülallarını təyin etməyə imkan verir.

Yuxarıda göstərilən üsullarla sidikdə zülallarının varlığı təsdiq olunursa 24 saat ərzində xaric olan sidikdə zülalın miqdarı hesablanmalıdır. Xaric olan zülalın növünü təyin etmək üçün elektroforez üsulu tətbiq edilir. Bu üsul qlomerulyar və tubulyar proteinuriyanı fərqləndirməyə imkan verir. Qlomerulyar proteinuriyada sidik zülallarının 70%-ni albuminlər təşkil etdiyi halda. Tubulyar proteinuriyada 10-20%-ni təşkil edir.

Sidikdə zülalın olması necə dəyərləndirilir?


Proteinuriya ilk növbədə davamiyyətinə görə qiymətləndirilməlidir.
Keçici proteinuriya əsasən uşaqlarda rast gəlinir. Bu cür proteinuriya əsasən qızdırma, fiziki iş və stresslə əlaqədardır. Bu, yetkin şəxslərdə ürək çatmamazlığı nəticəsində baş verir. Fasiləli proteinuriya postural dəyişikliklərlə bağlıdır. Gün ərzində ekskresiya olunan zülal 1qr-dan artıq olmur. Uzun müddət ayaq üstə olan və gəzən şəxslərdə rast gəlinir. Daimi proteinuriya əsasən qlomerulyar mənşəli olur. Miqdari olaraq 24 saat ərzində xaric olan sidikdə ekskresiya olan zülal təyin edilir.

24 saat ərzində 2 qr zülal ekskresiya olunması və bu zülalın yüksək molekullu zülalların olması qlomerulyar proteinuriyanı göstərir. Əgər proteinuriya ilə yanaşı dismorfik eritrositlər də tapılırsa xəstə həm də qlomerulyar hematuriyaya görə qiymətləndirilməlidir. Lakin hematuriya ilə müşayiət olunmazsa şəkərli diabet, amiloidoz və ya arterial qlomerulosklerozun olması düşünülməlidir.

24 saat ərzində xaric olan sidikdə olan zülalın miqdarı 300-2000 mq olarsa və zülal aşağı molekullu zülallardan ibarət olarsa sidik elektroforez üsulu ilə müayinə edilməlidir. Normal zülallar tapılarsa bu proteinuriyanın zülalların plazmada yüksək konsentrasiyası hesabına baş verdiyini göstərir. Sonrakı müayinələrdə yüngül zəncirli immunoqlobulinlər və ya Bens-Cons zülalları tapılarsa mieloma xəstəliyi, hemoqlobin və ya mioqlobin olarsa mioqlobinuriya və ya hemoqlobinuriya diaqnozu qoyulur.


Sidikdə qanın olması haqqında məlumatı bu səhifədən oxuya bilərsiniz