Search
Generic filters

Uretraskopiya və Sistoskopiya

Uretraskopiya nədir?

 Uretroskopya – sidik kanalının endoskopik müayinə üsuludur. Uretroskopiyanın icra edilmə şəraitindən asılı olaraq quru və irriqasiyalı növləri var. Quru uretroskopiya həm ön, həm də arxa uretranın, irriqasiyalı uretroskopiya isə yalnız arxa uretranın müayinəsi üçün tətbiq edilir.

Uretraskopiyaya göstərişlər nədir?

Göstərişlər:

1. Uretranın xroniki iltihabı xəstəlikləri,

2. Uretranın neoplaziyaları,

3. Eyakulyasiya pozğunluqları.

Əks-göstərişlər: Sidik kanalının, prostat vəzinin, xaya və xaya artımlarının kəskin iltihabı xəstəlikləri müayinənin aparılmasına əks-göstərişdir.

Müayinənin texnikası: Uretroskop, 13-15 sm uzunluğunda tubuslar dəstindən, işıqlandırıcı və optik sistemdən ibarətdir. Tubusların diametri Şaryer şkalası üzrə 21-27-yə qədər dəyişir. Qadınlarda uretroskopiya aparmaq üçün 5-6 sm-lik tubuslardan istifadə edilir. Hər bir tubus, müvafiq diametrli obturatorla təchiz olunmuşdur. Tubus, uretraya salınarkən uretranın zədələnməməsi üçün tubusun içərisinə obturator salınır. Tubus qliserinlə sürtülərək sidik kisəsinin xarici sfinkterinə qədər uretraya salınır. Bundan sonra obturator çıxarılır və işıqlandırıcı sistem daxil edilir. Tubus tədricən geri çəkilərək uretra optik sistem vasitəsilə diqqətlə müayinə edilir. İrriqasiyalı uretroskopiyada toxum təpəciyini və uretranın prostat hissəsini müayinə etmək daha əlverişlidir.

SİSTOSKOPİYA

Sistoskopiya nədir?

Sistoskopiya – sidik kisəsinin endoskopik müayinə üsuludur.

Göstərişlər: Sidik kisəsinin şişləri, sidik kisəsinin vərəmi, hematuriya, sidik kisəsinin daşı, sidik kisəsinin yad cisimləri, sidik axarlarının kateterizasiyası, endovezikal biopsiya, litotripsiya.

Əks göstərişlər: Sidik kanalının, prostat vəzinin, xayalıq orqanlarının və sidik kisəsinin kəskin iltihabı xəstəlikləri, prostat vəzinin iri ölçülü adenoması və xərçəngi.

Müayinənin texnikası:  Müayinə, xəstə litotomiya vəziyyətində uzadılaraq aparılır. Müayinə yerli və ya ümumi anesteziya altında aparılır. Müayinə üçün yerli olaraq intrauretral anestetiklər tətbiq edilir. Müayinədən əvvəl uretranın xarici dəliyi müayinə edilir. Daralma olarsa meatotomiya əməliyyatlı aparılır.

Episistostoma olarsa müayinəni episistostomik dəlikdən aparmaq mümkündür.

Müayinədən əvvəl xəstə sidik kisəsini boşaldır. Sistoskopiya üçün əsasən 16-17 F endoskop götürülür. Sidik kanalının xarici dəliyi antiseptik məhlulla silinir və uretra daxilinə anestetik tərkibli lubrikant (Catagel) vurulur. Cinsiyyət üzvü qarına dik vəziyyətdə və gərgin tutulur. Alət rəvan hərəkətlə sidik kanalının soğanağabənzər hissəsinə qədər salınır. Bu hissə keçildikdən sonra alət cinsiyyət üzvü ilə birlikdə aşağı əyilərək paralel (üfüqi) vəziyyətə gətirilir və irəli itələnərək sidik kisəsinə daxil edilir. Sidik kisəsinin görünməsi üçün sidik kisəsi daxilinə məhlul ( fizioloji məhlul) vurulur və optik sistemin köməyi ilə sidik kisəsi müayinə edilir. Sidik kisəsi üçbucağı, sidik axarlarının dəlikləri, sidiyin axarlardan propulsiyası və bütün selikli qişa diqqətlə gözdən keçirilir. Supravezikal obstruksiyaya şübhə olarsa intravenoz indiqokarmin verilərək xromosistoskopiya aparılır.