Kişi
sonsuzluğunun diaqnostikasında tətbiq edilən müayinələr
içərisində toxum mayesinin müayinəsi xüsusi yer tutur. Bu müayinə
toxum mayesinin miqdarının, turşuluğunun, spermatozoidlərin
hərəkiliyinin, canlılığının və morfologiyasının öyrənilməsini əhatə
edir. Toxum mayesinin bu parametrləri stressin, mövsümlərin,
infeksion xəstəliklərin və müxtəlif somatik xəstəliklərin təsirindən
dəyişir. Kişi sonsuzluğunun diaqnostikasında toxum mayesinin müayinəsi ilə
yanaşı spermatogenezə təsir edən hormonların laborator analizi, xaya
bioptatının histoloji müayinəsi, genetik və biokimyəvi
müayinələr böyük əhəmiyyət kəsb edir. Kişi sonsuzluğunun diaqnostikasında xəstədən
ətraflı anamnez toplandıqdan və fizikal müayinədən sonra toxum mayesi
toplanaraq
müayinə edilir.
Sperm analizi üçün spermanın toplanma qaydası necədir?
Sperm analizi vermək üçün bir sıra məqamlara ciddi əməl olunmalıdır. İlk növbədə sperm analizindən əvvəl xəstə 3-5 günlük cinsi pəhriz gözləməlidir, yəni bu müddət ərzində cinsi əlaqədə olmamalıdır. Müayinədən əvvəl normal qidalanmalı,yatmalı və dincəlməli və spirtli içki qəbu etməməlidir. Viral infeksiyalar, soyuqdəymə və.s sperm nəticələrinə mənfi təsir etdiyinə görə bu hallarda sperm anlizinin verilməsi tövsiyə olunmur. Sperm analizi xəstəxana şəraitində verilməli və ya ev şəraitində toplanmış sperma 30 dəq müddətində laboratoriyaay çatdırılmalıdır. Spermanın xüsusilə ön porsiyasının toplanmasına diqqət edilmədir. Qoruyucu vasitələr (prezervativ) içərisində spermaya öldürücü təsir göstərən vasitələr olduğuna görə spermanın prezervativ içərisində toplanaraq laboratoriyaya aparılması doğru deyildir.
Sperm analizi zamanı nələrə diqqət edilir?
Toxum mayesinin müayinəsi zamanı Aşağıdakı xüsusiyyətlərinə fikir verilir.
1. Həcmi: Toxum mayesinin normal həcmi
2-6 ml-dir. Həcmin 1 mldən az olması toxum kisəciklərinin və toxumdaşıyıcı
axacağın olmaması və ya toxumdaşıyıcı axacağın tıxanması nəticəsində baş verir.
Bu halda toxum mayesinin biokimyəvi analizində fruktoza aşkar edilmir. Toxum
mayesi, həmçinin retroqrad eyakulyasiya ilə bağlı ola bilər.
2. Qoxusu və rəngi: Toxum mayesi
spesifik qoxuya malikdir. Toxum mayesinə bu qoxunun verən prostat vəzidən ifraz
olunan
spermindir. Toxum mayesinin qoxusuz və anormal qoxulu olması infeksiyalar və
prostat vəzinin patoloji sekresiyası ilə əlaqədardır. Rəngi, bozumtul ağdır. Uzun
müddətli cinsi pəhriz zamanı toxum mayesi sarı rəngli olur. Bundan başqa
infeksiyalar zamanı toxum mayesi kəskin qoxulu və sarı olur. Antibiotiklər və
leykositlər toxum mayesinə ağ rəng verir. Spermada qanın olması zamanı toxum
mayesi qırmızı rəngdədir.
3.
Toxum mayesinin turşuluğu -pH-ı: Toxum
mayesinin pH-ı 7,4-7,6-dır.Kəskin prostatit, vezikulit və epidedimitdə pH
7,6-dan yüksək, bu orqanların xroniki infeksiyalarında isə 7,4-dən aşağıdır.
4. Koaqulyasiya və durulaşma: Toxum
mayesinin düzgün dəyərləndirilməsi üçün toxum mayesi 3-4 günlük abstinensiyadan
( pəhrizdən) sonra toplanmalıdır. Toxum mayesi eyakulyasiyadan 20-30 dəqiqə sonra
durulaşır. Toxum mayesinin durulaşması (liquefaction) toxum kisəciklərinin
ifraz etdiyi proteinkinaza fermenti ilə əlaqədardır. Buna görə də toxum kisəciklərinin
ageneziyasında toxum mayesi durulaşmır. Durulaşma müddətinin 30 dəqiqədən artıq
olması isə prostat vəzinin funksional pozğunluğunu göstərir.
5. Spermatozoidlərin sayı: Mayalanma üçün 15 mln/ml spermatozoid olması
vacibdir. Bakterial və virus infeksiyaları, stress və yorğunluq spermatozoidlərin
sayının zalmasına səbəb olur.
6. Spermatozoidlərin morfologiyası:
Morfoloji olaraq normal spermatozoidlər baş, boyun və quyruq hissələrindən ibarət
olduğuna görə spermatozoidlərin bu hissələrinin mikroskopik müayinəsi vacibdir.
Spermatozoidlərin dəqiq morfoloji müayinəsi üçün optik spermatozoid
analizatorlarından istifadə edilir. Normal şəxslərdə spermatozoidlərin 60%-i
normal formalıdır.Müayinə zamanı ikibaşlı, iyşəkilli, qeyri-yetkin və kiçik
spermatozoidlər də tapılır. Virus infeksiyalarında və varikoseledə 2-3%-dən
artıq qeyri-yetkin spermatozoidlər müşahidə edilir.
7. Spermatozoidlərin hərəkiliyi:
Götürülmüş nümunənin 20°C-dən aşağı və 37°C-dən yuxarı
temperaturda müayinə edilməsi spermatozoidlərin hərəkiliyinin zəifləməsinə səbəb
olur. Daha dəqiq məlumat almaq üçün toxum
mayesi 1-2 saat ərzində müayinə edilməlidir. Normada
eyakulyasiyadan sonra spermatozoidlərin 60%-i hərəkətli olmalıdır. Toxum
mayesinin özlülüyünün çox olması, leykositlərin
yüksək miqdarı, toxum mayesində N. gonorrea, Chlamidia trachomatis,
ureaplazmanın olması spermatozoidlərin hərəkiliyinin azalmasına səbəb olur.
Spermatozoidlər xaya artımında hərəkilik qazanırlar. L-karnitin, natrium,
kalium və kalsium ionları və a-
qlükozidaza spermatozoidlərin hərəkiliyini artırır.
Spermanın biokimyəvi tərkibi necədir?
Toxum mayesi bir neçə vəzinin (prostat vəzi, xayalar, toxum kisəcikləri, Kuper vəziləri) ifraz etdiyi sekretlərdən təşkil olunduğuna görə mürəkkəb biokimyəvi tərkibə malikdir. Bu maddələrin biokimyəvi baxımdan öyrənilməsi dölsüzlüyün diaqnostikasında böyük praktik əhəmiyyət kəsb edir.Toxum kisəciklərinin sekretində fruktoza, fibrinogen,
prostaqlandinlər və C vitamini vardır. Toxum mayesində fruktozanın olmaması toxum kisəciklərinin ageneziyasının göstəricisidir. Toxum mayesində fruktozanın miqdarı 0,7-5 mq/mldir. Toxum mayesindəki fibrinolizin qadın cinsiyyət yollarında koaqulyasiya olmuş toxum mayesini durulaşdırır. Toxum mayesində 2,4 mmol/dl sink, 90-980 BV/dl turş fosfataza vardır.Toxum mayesində olan karnitinin, fosforilxolinin və qlükozidazanın əsas hissəsi xaya artımları tərəfindən ifraz olunur.
Transferrin dəmir daşıyıcı zülal olub FSH-təsiri altında Sertoli hüceyrələri tərəfindən sintez olunur. Akrozin spermatozoidlərin başında olan akrosomal proteazadır. Spermatozoidlərin penetrasiyasında, xromatinin dekondensasiyasında iştirak edir.