Search
Generic filters

Sidik kanalının kateterizasiyası

Sidik kanalının kateterizasiyası.

Sidik kanalının kateterizasiyası, müayinə və müalicə məqsədilə sidik kisəsinə xüsusi formalı rezin və ya metallik kateterin yerləşdirilməsidir.

Sidik kisəsinin kateterizasiyasi hansi məqsədlə aparilir?

  1. Əməliyyatdan sonra sidiyin xaric edilməsi
  2. Qalıq sidiyin yoxlanması
  3. Kəskin sidik ləngiməsi ( prostat adenoması,qan laxtaları, prostat xərçəngi)
  4. Hydronephroza səbəb olan xroniki sidik ləngiməsi.
  5. Sidik kisəsinin yuyulması.
  6. Neyrogen sidik kisəsində sidik kisəsinin dekompressiyası.
  7. Reanimasiyada olan xəstələrdə gündəlik sidik miqdarının ölçülməsi
  8. Sidik kisəsi və sidik kanalının yaralanmalar
  9. Sidik kanalaında icra edilmiş əməliyyatlar
  10. Sidik kisəsinə dərman preparatlarının yeridilməsi
  11. Sidik kisəsinin müayinəsi

Sidik kanalı kateterizasiyasında hansı kateterlər istifadə edilir?

 Tətbiq edilən kateterin növündən asılı olaraq yumşaq və sərt kateterlər ayırd edilir. Yumşaq kateterlər kauçukdan, polietilendən və silikondan
hazırlanır. Silikondan hazırlanan kateterlər infeksiyaya daha rezistent hesab edilir.

Kateterlərin sidik kanalında saxlanma müddəti 14-21 gündür. Uroloji praktikada ən çox istifadə olunan yumşaq kateterlər Foley, Nelaton və Tieman kateterlərdir.

Foley kateteri uzun müddət sidik kisəsinin drenajı üçün tətbiq edilir və
ucunda sidik kisəsində saxlanmasını təmin edən 50 ml-lik balon vardır. Sidik kisəsinin yuyulması üçün üç kanallı Foley kateterlərindən istifadə olunur.

Kanalın biri balona, digəri sidik kisəsinə maye vurmaq, üçüncüsü isə sidik kisəsinə yeridilmiş mayenin xaric olunması üçündür. Nelaton kateteri düz boru şəklindədir və ucu kütdür. Tieman kateterinin ucu sivri və əyilmişdir.

Bu kateteri prostat vəzinin xoşxassəli hiperplaziyasında, Foley və Nelaton kateterlərinin salınmasında çətinlik olduqda tətbiq edilir. Açıq nefrostomiya və sistostomiyada ucları genişlənmiş Pezzer və Malekot kateterlərindən istifadə edilir. Bu kateterlərin ucları xüsusi metal mil vasitəsilə gərilərək düzəldilir.

Mil çıxarıldıqdan sonra isə genişləndiyinə görə balon vəzifəsini görərək
kateterin çıxmasına mane olur. Bu kateterlərin diametrləri daha geniş olduqlarına görə drenaj rolunu daha yaxşı yerinə yetirirlər. Metal kateterlər arxa uretranın formasına uyğun əyilmişdir.

Metal kateterlərdə sidik kanalının zədələnmə ehtimalı daha böyükdür.
Kateterlərin diametrləri müxtəlif olur. Kateterin nömrəsi Şaryer şkalasına əsasən müəyyənləşdirilir və kateterin diametrinin millimetrlərlə ifadəsidir. 1 French və ya 1 Charriere 0.33mm-dir.
Kateterin nömrəsi üzərində Ch və ya F (Charriere və French) olaraq yazılır.

Sidik kanalının kateterizasiyası.


Sidik kanalının kateterizasiyası.

Sidik kisəsinin kateterizasiyasına əks göstərişlər nələrdir?


Sidik kanalının iltihabı xəstəlikləri, kəskin prostatit və epidedimit, sidik kanalının yaralanmaları

Sidik kisəsi kateterizasiyasının texnikası nə cürdür?

Kateterizasiyasının texnikası. Kateterizasiya, xəstə yataqda uzadılaraq icra edilir.

Kateterizasiyadan əvvəl sidik kanalı vizual müayinə edilir, sidik axarının xarici dəliyinin diametrinə, yerləşməsinə və iltihab əlamətlərinin olmasına fikir verilir. Sidik kanalının diametrinə uyğun kateter seçilir. Kateterizasiya aseptikanın bütün qaydalarına əməl etməklə icra edilməlidir. Bu məqsədlə kateterizasiyanı icra edən şəxs steril rezin əlcək geyindikdən sonra cinsiyyət üzvünün başını və ya cinsiyyət dodaqları antiseptik məhlulla silir.

Sidik kanalına tərkibində anestetik olan (2%-li lidokain) lubrikant(Catagel)
yeridilir və 3-5 dəqiqə gözlənir. Kateterizasiya kişilərdə icra edilirsə sol əlin III və IV barmaqları ilə cinsiyyət üzvü tac şırım nahiyəsində tutularaq yuxarı qaldırılır, I və II barmaqlarla sidik kanalının xarici dəliyi aralanır.

Sağ əldə olan pinsetlə kateterin ucundan IV və V barmaqlar arasında arxa hissəsindən tutaraq kateter sidik kisəsinə yeridilir. Sidik kisəsinə daxil olduqdan sonra kateterin balonu 10-20 ml maye ilə doldurularaq aşağı çəkilir.

Qadınlarda sidik kanalı qısa olduğuna görə kateterizasiya kişilərlə
müqayisədə daha asan aparılır. Qadınlarda cinsiyyət dodaqları
antiseptik maddələrlə silindikdən sonra aralanır və eyni qayda ilə
kateter qoyulur.


Kateterizasiya zamanı kateterin diametri müayinənin məqsədinə
uyğun olmalıdır. Diaqnostika və sidik kisəsinin boşaldılması üçün
əsasən 16 və ya 18 Fr kateterdən istifadə edilir. Müalicə məqsədilə
əsasən silikondan hazırlanmış və bir qədər kiçik diametrli kateterdən
istifadə edilir.

Prostat vəzidə və sidik kisəsində aparılan
əməliyyatlardan sonra sidik kisəsinin yuyulması üçün kateterizasiya
məqsədilə 3 yollu 20-24 Fr Foley kateteri istifadə edilir. Ehtiyatsız və
düzgün aparılmayan kateterizasiya sidik kanalının zədələnməsinə,
uretrorragiyaya, sonrakı dövrdə isə sidik kanalının strikturasına
səbəb olur.

Sidik yollarının iltihabı xəstəlikləri zamanı
kateterizasiyanın icra edilməsi iltihabın yayılmasına və urosepsisə
səbəb ola bilər.
Ağırlaşmaların profilaktikası məqsədilə kateterizasiya aseptik
şəraitdə və bütün qaydalara əməl edilərək, ehtiyatla icra edilməlidir.