Search
Generic filters

Böyrəyin sadə kistaları

Böyrəyin sadə kistaları, əlamətləri, diaqnostikası və müalicəsi,dr Vahid İsmayılov.

Bəyrəyin sadə kistası nədir?

Böyrəyin sadə kistaları böyrəyin bu və ya digər yerində yaranmış içi maye ilə dolu kisə şəkilli törəmələrdir. Əhali arasında çox rast gəlinir. Əksər hallarda xüsusilə kiçik ölçülü olduqda şikayətə səbəb olmur və xəstə onda kistanın olmasını bilmir. Buna görə də əksər hallarda böyrək kistaları ya təsadüfən və ya çox böyük ölçülərə çatdıqda aşkarlanır. .

Böyrək kistasının  yaranma səbəbləri nələrdir?

Kistalar anadangəlmə (5%), irsi (genetik) və qazanılma olur. Birtərəfli, ikitərəfli həmçinin sadə (solitar kista) və parazitar kistalar ayırd edilir.

Yaş artdıqca kistalar daha çox rast gəlinir. Sadə kistaların əsas yaranma səbəbi məlum deyildir. Sadə kistalar böyrək kanalcıqlarından əmələ gəlir.

                                                                                            

Şəkil: Sadə böyrək kistası

Belə ki, kanalcıqların divarını örtən eiteli hüceyrələri hər hansı səbəbdən (əsasən iltihab) böyüyərək kanalcığın mənfəzini daraldır və sidiyin kanalcıqla axmasına mane olur. Nəticədə isə kanalcıq genişlənir və kistanın yaranması ilə nəticələnir. Kista elə bir ölçüyə çatır ki, sonradan böyrəyin özünə təzyiq edir.

Parazitar kistalar əsasən exinokok kistalarıdır və heyvanlardan insana keçə bilən bəzi parazitlərin qanla müxtəlif orqanlara yayılaraq orada yerləşməsidir. Exinikok kistaları əsasən qaraciyərdə, qismən az isə ağciyər, beyin və böyrəkdə olur.

 Hansı xəstəliklər böyrəkdə kistaların yaranması ilə müçayiət olunur?

Aşağıdakı xəstəliklər böyrəkdə bir və ya çoxsaylı kistaların olması ilə müşayiət olunur

  •  Xroniki böyrək xəstəlikləri
  •  Böyrək çatışmazlığı ilə əlaqədar dializ
  •  Medulyar kistik böyrək
  •  Autosomal dominant polyikistik böyrək xəstəliyi
  •  Tuberoz skleroz complex

 Böyrək kistası olan xəstələrin şikayətləri nələrdir?

Sadə böyrək kistaları adətən heç bir şikayətə səbəb olmur. Amma bəzən aşağıdakı şikayətlərin yaranmasına səbəb ola bilər.

  •  Kistanın partlaması nəticəsində sidikdə qanın olması
  •  Kistanın partlaması nəticəsində qabırğaaltı nahiyədə ağrının olması
  •  Kistanın infeksiyalaşması zamanı hərarət və üşütmənin olması
  •  Kista böyük ölçülü olub böyrəyin damarlarını sıxarsa yüksək qan təzyiqinə səbəb olabilər

Kistaların ölçüləri çox böyük ölçülərə çatmadığı müddətcə böyrək funsiyalarına mənfi təsir göstərmir.

Böyrək kistalarının diaqnostikası necə aparılır?

Sadə böyrək kistaları əsasən başqa səbəblərə görə aparılan müayinələr zamanı təsadüfən aşkar edilir. Sadə böyrək kistalarını mürəkkəb kistalardan ayırmaq çox önəmlidir. Mürəkkəb böyrək kistalarının xərçəng olma riski daha yüksəkdir. Kompleks böyrək kistalarının bu səbəbdən əmələyyat olunaraq xaric edilməsi göstərişdir.

Diaqnostika məqsədilə aşağıdakı müayinələrin aparılması vacibdir

  •  Böyrəyin ultrasəs müayinəsi
  •  Böyrəklərin computer tomoqrafiyası

Böyrək kistalarının computer tomoqrafiyada alınan görüntüsünə görə kistalar Bosniak təsnifatına uyğun olaraq 5 yerə bölünür. I tip kistalar sadə kistalar olub bədxassəli olma ehtimalı yoxdur. V tip kistalar böyrək xərçəngi kimi qiymətləndirilməli və cərrahi yolla xa ric edilməlidir.

Şəkil : Böyrək kistalarının  ultrasəs kompüter tomoqrafik görüntüsü

Mürəkkəb böyrək kistalarının bir çoxunda genetic faktorlar iştirak etdiyinə görə genetic müayinələr aparmağa ehtiyac olur.

Böyrək kistalarının müalicəsi necə aparılır?

Böyrək kistalarının dərman müalicəsi yoxdur. Kistaların ölçüləri 6 sm dən böyükdürsə kista cərrahi yolla xaric edilməlidir. Kistaların xaric edilməsinin aşağıdakı cərrahi yolları vardır:

1.kistanın laparoskopik ləğvi.

2.kistanın punksiya edilərək aspirasiyası + sklerozlaşdırılması.

3.Açıq əməliyyat.

Əməliyyata göstərişlər :

– kistanın diametri 6 sm – dən böyükdürsə

– kiçik olmasına baxmayaraq böyrək ləyənini və damarlarını sıxırsa. Ləyəni sıxdıqda ləyən genişlənir, deformasiya olunur və ağrıyır. Damarları sıxdıqda xəstənin təzyiqi kəskin qalxır və dərman müalicəsinə tabe olmur.

– kistanın divarlarında qalınlaşma, kirəcləşmə varsa, daxilində arakəsmələr varsa bu onun bədləşmək ərəfəsində olmasını göstərir və cərrahi müdaxiləyə göstərişdir

– iltihablaşma (irinləmə) və qanaxma verirsə

 

Şəkil:  Böyrək kistasının laparoskopik görünüşü

   

Böyrək kistalarının müalicəsinin hazırkı dövrdə qızıl standartı kistanın laparskopik yolla ləğvidir.

Tərəfimizdən aparılan aşağıdakı videoda böyrək kistasının laparoskopik yolla xaric edilməsi göstərilmişdir. Xəstə qarın boşluğuna 1 sm diametrində 3 dəlikdən daxilolunur. Kista xaric edildikdən 1 gün sonra xəstə evə yazılır.