Search
Generic filters

Böyrək ağrısı nədir?

Böyrək ağrısı nədir? İnsanlar böyrək ağrısı zamanı nə etməli? Bu kimi suallarla tez tez rastlaşırıq. İlk növbədə qeyd edim ki, böyrəklərdə ağrı müstəqil bir xəstəlik deyil. Sidik yollarının və böyrəklərin bir çox patologiyasını müşayiət edən ağrı sindromudur. Əksər hallarda sidik kisəsində daşlar olduqda  baş verir. Daş sidik axarının boşluğunu tutur və sidiyin çıxmasının qarşısını alır. Əsas əlamət bir neçə saat davam edə bilən kəskin və şiddətli ağrıdır. Sol böyrək ağrısı daha çox müşahidə olunur və ya hər iki böyrək ağrıyır. Bu məqalədə böyrək ağrısı zamanı nə etməlisiniz və onun səbəblərini öyrənəcəyik.

Böyrək ağrısı nədir və bu zaman nə baş verir

Böyrək ağrısı böyrək qismən və ya tamamilə tutulanda, nəticədə sidiyin çıxması çətinləşdikdə baş verir. Böyrək ləyənlərində toplanır və sidik axarlarına keçə bilmir. Nəticədə sidik yolları sıxılır, böyrəkdə təzyiq artır. Böyrəyin toxumaları şişir və genişlənir, böyrəyin ölçüsü böyüyür. Qonşu orqanlara, sinirlərə və toxumalara təzyiq göstərir. Sidik axarının daş ətrafındakı divarda iltihab yaradır. Bütün bu proses şiddətli ağrıya səbəb olur.

Sidik axarlarında bir neçə daralma yeri var. Adətən,  daş məs burda sidik axınının qarşısını alır, buna görə də böyrək ləyənlərində toplanır. Nəticədə böyrəkdaxili təzyiq yüksəlir, axarın düz əzələlərinin spazmı baş verir. Ağrının başlamasından təxminən 4 saat sonra qan dövranı pozulur. Nəticədə toxumaların zədələnməsinə, böyrəkdə qan axınının azalmasına səbəb olur. İltihab mediatorlarının ifrazı ilə əlaqədardır.

Böyrək ağrısı əlamətləri

Böyrək ağrısının əlamətləri dedikdə əsasən klassik əlamətlər nəzərdə tutulur. Bunlar bel nahiyəsində və ya arxada qabırğaların altında birdən ortaya çıxan şiddətli ağrıdır. Ağrı hissi qalıcıdır və güclənən və zəifləyən sancı formasındadır. İnsan rahatsız olur, ağrının intensivliyinin azalda bilən bədənin vəziyyətini axtarır. Lakin poza dəyişsədə, rahatlama baş vermir. Ən xarakter pozalar: xəstə gövdəsi əyilmiş vəziyyətdə oturur və ya uzanır. Əyilir və əlini bel nahiyəsində tutur.

Böyrək ağrısı demək olar ki, həmişə böyrəklərdən birində olur. Sol böyrək ağrısı daha çox müşahidə olunur. Çox nadir hallarda iki tərəfli ola bilər. Ağrı sidik axarı boyunca qasıq nahiyəsinə yayılır, cinsiyyət orqanlarına verir. Bundan əlavə,

Böyrək ağrısı əlamətləri aşağıdakılar ola bilər:

  • xəstənin ürəyi bulanir, lakin qusma rahatlıq gətirmir;
  • bağırsaqlardan qazların çıxması çətinləşir, mədə şişir;
  • nəcis pozulur;
  • ürək döyüntüsü zəyifləyir (bradikardiya);
  • qan təzyiqi cuzi artır;
  • şiddətli ağrı zamanı xəstənin rəngi qaçır, soyuq tər basır;
  • sidikdə qan görünə bilər.

Xüsusi əlamətlərdən biri xəstənin tez-tez sidiyə çagırışları olur, lakin sidiyə çətinliklə çıxır. Sidik kiçik miqdarda gəlir və proses artan ağrı ilə müşayiət olunur. Sancı bitdikdən sonra çox miqdarda sidik ifraz olunur.

Uşaqlarda sancılar olurmu?

Böyrək ağrısı istənilən yaşda uşaqlarda yarana bilər. Ağrı sindromunun öz xüsusiyyətləri var: gənc yaşda ağrı ən çox göbək nahiyəsində cəmləşir. Sancı hücum xarakteri daşıyır-ağrı 15-20 dəqiqə əzrində artır. Sonra intensivliyi azalır və yeni bir hücum ilə əvəz olunan qısa bir rahatlıq gəlir. Bəzi hallarda temperatur (37,2–37,3°С) yüksəlir.

Böyrək ağrısını nə ilə qarışdırmaq olar?

Bəzi xəstəliklərin ağrı sindromu böyrək ağrısı əlamətlərinə bənzər ola bilər. Əlamətlərin oxşarlığına görə dərmanları özünüz təyin etməyin. Beləliklə, vaxt itirə və yalnız vəziyyəti çətinləşdirə bilərsiniz. Ən yaxşı həll təcili yardım çağırmaq və ya klinikaya getməkdir. Beləliklə, böyrək ağrısı aşağıdakılara bənzəyir:

  • kəskin appendisit;
  • kəskin pankreatit;
  • qabırqa arası nevralgiya;
  • xolesistit;
  • fəqərəarası disk yırtığı
  • aorta anevrizması;
  • uşaqlıqdan kənar hamiləlik zamanı uşaqlıq borusunun yırtılması.

Böyrək ağrısının müalicəsi

Böyrək ağrısının əlamətləri ciddi bir simptomdur və ciddi yanaşmaq lazımdır. Təxirəsalınmadan tədbirlər görmək lazımdır.

Böyrək ağrısı zamanı evdə  ilk yardım

Ağrı tutma evdə baş vermişsə, ağrı sindromunun şiddətini bəzi dərmanlarla azaltmaq olar. Drotaverin və ya daha güclü bir spazmalitik – metamizol natrium aktiv maddəsinə əsaslanan bir dərman ola bilər. Ancaq bu dərmanları qəbul etmək yalnız ağrı tutmanın təkrar olduğu halda edilməlidir. Və səbəbinin sidik daşı olduğu bilindiyi halda mümkündür. Öncə təsdiqlənmiş diaqnozdursa, xəstə həmən böyrək tərəfdən bel nahiyəsinə ilıq (isti olmayan) istilik yastığı tətbiq edilir. Və ya vannada uzana bilər (suyun temperaturu 45 ° C-dən çox olmamalıdır).

Həkim təyinatı ilə böyrək ağrısının müalicəsi

Müalicə analgetiklərin venadaxili yeridilməsi ilə başlayır. Hal hazırda aktiv maddələrin aşağıdakı birləşməsini ehtiva edən dərmanlar  istifadə olunur. Metamizol natrium, pitofenon və fenpiverinium bromid ola bilər. Onlar 15 yaşından etibarən xəstələrdə  istifadə edilə bilər. Ketorolak aktiv maddəsinə əsaslanan analgetiklər də venadaxili olaraq tətbiq olunur.

Bundan əlavə, ilk yardım zamanı spazmalitiklər venadaxili olaraq istifadə olunur.  Çox vaxt həkimlər aktiv tərkib hissəsi hiosin butil bromid  əsasında olan  spazmalitiklərdən istifadə edirlər.

Klinik təlimatlar

Klinik təlimatlar həmçinin diklofenak, indometasin, ibuprofen əsasında qeyri-steroid iltihabəleyhinə dərmanların ağrı spazmını aradan qaldırmaq üçün istifadə oluna biləcəyini göstərir. Xəstənin onlara qarşı alergiyası varsa, metamizol natrium əsasında dərmanlardan istifadə etmək mümkündür. Siyahıda göstərilən dərmanların təsirsizliyi zamanı ikinci sıra dərmanlar ola bilər. Opioidlərin, xüsusən də tramadolun aktiv maddəsi olan dərmanların təyin edilməsi tövsiyə olunur.

Daşların ölçüsü 7 mm-dən çox olmadıqda sidik daşı xəstəliyi konservativ üsullarla müalicə olunur. Ağrı sindromu dərman vasitəsi ilə idarə edilə bilər. Alfa-adrenoblokatorlar  ən çox daş qovucu təsiri olan dərmanlar kimi istifadə olunur. Bunlar tamsulosin, alfuzosin, terazosin, silodosin aktiv maddələrinə əsaslanan dərmanlardır. Daş çıxana qədər xəstələrə hər iki həftədən bir onun vizuallaşdırılması ilə diaqnostikadan keçmələri tövsiyə olunur. Çox vaxt bu, aşağı şualanma dozalı KT müayinəsidir.

Cərrahi müalicə

Daşın sərbəst çıxması çətin olduqda və ya xəstədə iltihab, sepsis və ya digər ağırlaşmalar inkişaf etdikdə cərrahi müdaxilə tələb olunur. Ağırlaşmalardan ən çox anuriya, oliquriya, kəskin pielonefrit əmələ gəlir. Bu halda paralel olaraq antibiotik terapiyası tədbiq olunur.

Ən müasir və ən az travmatik cərrahi üsullar arasında aşağıdakilardır:

  • kontakt litotripsiya – sidik axarının aşağısında yerləşən daşın sidik kanalı vasitəsilə çıxarılması;
  • perkutan litotripsiya – böyrəkdə və ya sidik axarının yuxarı hissəsində yerləşən daşın bel nahiyəsində kiçik dəlik vasitəsi ilə götürülməsi.

Standart hallarda müalicə sidik yollarının drenajından ibarətdir. Bu məqsədlə daxili sidik axarı stentindən və ya perkutan punksion nefrostomiya üsulundan istifadə olunur. Metodun seçimi xəstənin vəziyyətindən və göstərişlərdən asılıdır.

Daşların qeyri-cərrahi üsulla çıxarılması

Cərrahi əməliyyatın qeyri-travmatik alternativi kimi distansion (şok dalğa) litotripsiya üsulu istifadə olunur. Litotripter  dəri vasitəsilə daş olan nahiyəyə müəyyən bir tezliklə impulslar göndərir. Onlar ətraf toxumalar üçün təhlükəsizdir. Lakin daşlar üçün dağıdıcıdır və onlar effektiv şəkildə xırda fraqmentlərə parçalanırlar. Daha sonra onlar sidiklə bədəndən xaric olurlar. Lakin manipulyasiya xüsusi göstərişlər tələb edir. Xüsusilə, daş dərinin səthindən kiçik bir məsafədə yerləşməlidir. Düzgün aparılmış müalicədən sonra qısa zamanda pasient böyrək ağrısından qurtulur.

Böyrək ağrısı ilə bağlı bu məqalədə nə öyrəndik?

Böyrək ağrısı nədir?

Böyrək ağrısı sidik yollarının və böyrəklərin bir çox patologiyasını müşayiət edən ağrı sindromudur. Əksər hallarda sidik kisəsində və kanalında daşlar olduqda  baş verir. Daş sidik axarının boşluğunu tutaraq sidiyin çıxmasının qarşısını alır.

Böyrək ağrısı zamanı nə baş verir?

Sidik kanalı qismən və ya tamamilə tutulanda və nəticədə sidiyin çıxması çətinləşdikdə baş verir. Sidik böyrək ləyənlərində toplanır və sidik axarlarına keçə bilmir. Nəticədə sıxılmış sidik yolları böyrəklərdə təzyiqi artırır. Böyrək toxumaları şişir və genişlənir, sinirlərə və toxumalara təzyiq göstərir. Daş ətrafındakı sidik kanalı divarında iltihab yaranır. Bütün bu proses şiddətli ağrıya səbəb olur.

Böyrək ağrısı əlamətləri

Böyrək ağrısının əsas əlamətləri bel nahiyəsində və ya arxada qabırğaların altında birdən ortaya çıxan şiddətli ağrıdır. Ağrı hissi qalıcı olur, güclənən və zəifləyən periodlarla sancı formasındadır. 

Böyrək ağrısının müalicəsi

Böyrək ağrısı zamanı evdə  ilk yardım olaraq drotaverin və ya metamizol natrium aktiv maddəsinə əsaslanan bir dərman qəbul etmək olar. Bu dərmanlar şiddətli ağrını bir müddətlik azalda bilər. Amma mütləq qaydada həkim müayinəsi lazımdır. Dərman qəbulu üçün də həkim tövsiyəsi lazımdır.  Müalicə analgetiklərin venadaxili yeridilməsi ilə başlayır. Hal hazırda aktiv maddələrin aşağıdakı birləşməsini ehtiva edən dərmanlar  istifadə olunur: metamizol natrium, pitofenon, fenpiverinium bromid. Ətraflı məqalədə qeyd olunub. 

Cərrahi müalicə

Daşın sərbəst çıxması mümkün olmadıqda, iltihablaşma, sepsis və ya digər ağırlaşmalar baş verdikdə cərrahi müdaxilə tələb olunur. Ağırlaşmalardan ən çox anuriya, oliquriya, kəskin pielonefrit qeydə alınır. Bu zaman paralel olaraq antibiotik terapiyası tədbiq olunur.

Qeyri-cərrahi müdaxilə

Qeyri-cərrahi əməliyyat olaraq distansion (şok dalğa) litotripsiya üsulu istifadə olunur. Daş olan nahiyəyə müəyyən bir tezliklə impulslar göndərilir. Ətraf toxumalar üçün təhlükəsiz olan bu dalğalar daşlar üçün dağıdıcıdır və onlar effektiv şəkildə xırda fraqmentlərə parçalanır.