Search
Generic filters

Böyrək nahiyəsində ağrı

Böyrək nahiyəsində ağrı, əlamətlər və müalicə


Böyrək nahiyəsində ağrı, əlamətlər və müalicə. Ağrının xarakteri və səbəbləri nədir?

Böyrək mənşəli ağrı ipsilateral qabırğa-onurğa bucağında, XII
qabırğanın altında lokallaşır. Ağrı xarakterinə görə irradiasiya edən
ağrı olub önə, qarının ön divarına və xayalığa yayılır.

Əsasən iltihabi və obstruktiv səbəblər nəticəsində meydana çıxır. Ağrı çox zaman qəflətən başlayır və sancışəkilli olur. Böyrək mənşəli ağrının əsas
səbəbləri aşağıdakılardır;

• Sidik yollarının diskineziyası və funksional obstruksiyası

• Sidik yollarının daş və konkrementlərlə okklüziyası və
urostaz Böyrək vərəmində sidik yollarının kazeoz kütlələrlə
tutulması

• Allergik səbəblər
• Böyrək şişlərində sidik yollarının toxuma və qan laxtası ilə tutulması
• Nefroptoz nəticəsində qan dövranının və urodinamikanın pozulması

Böyrək sancısının mexanizmi necədir?

Böyrək nahiyəsində ağrı, əlamətlər və müalicə.
Dr Vahid İsmayılov

Bu səbəblər nəticəsində meydana çıxan böyrək sancısının patogenezi
aşağıdakı kimidir; Yuxarıda göstərilən səbəblər nəticəsində ilk
növbədə böyrəkdə hemodinamik pozğunluqlar və urostaz baş verir,
çünki bu səbəblərin təsirindən selikli qişada olan reseptorlar
qıcıqlanaraq saya əzələlərin spazmına səbəb olur.

Böyrək xəstəliklərin müalicəsi

Saya əzələlərin spazmı və urostaz ləyəndaxili hipertenziyaya gətirib çıxarır. Yuxarı sidik yollarında çoxlu miqdarda toxuma – damar reseptorları vardır
və bu reseptorlar böyrəklərin, damarların və kasa ləyən sisteminin innervasiyası ilə əlaqədardır.

Bu səbəbdən, sidik yollarında olan istənilən urodinamik pozğunluq hemodinamik pozğunluğun əmələ gəlməsinə səbəb olur və bu özünü orqandaxili arteriyaların spazmı və venaların tonusunun azalması şəklində göstərir.

Bunlar böyrəyin hipoperfuziyasına və sirkulyator hipoksiyaya səbəb olur. Böyrək ləyəni və sidik axarı seqmentinin vaskulyarizasiyası eyni olduğuna
görə yuxarı sidik yollarında urodinamik və hemodinamik pozğunluqlar meydana çıxır. Beləliklə ilkin mərhələdə hiperkineziya və hipertenziya sonra isə hipokineziya və hipotenziya meydana çıxır.

Təcrübələrlə təsdiq edilmişdir ki, sidik yollarının obstruksiyası 15
dəqiqədən sonra nəbz təzyiqinin kortikal qatda 30%, medulyar qatda
isə 25% artmasına səbəb olur. Əvvəlcə damar tonusunun azalması,
45 dəqiqə sonra isə şuntun hesabına medulyar damarların qanla
dolması 4 dəfə artır.

120 dəqiqədən sonra isə 4 dəfə azalmış olur. Göründüyü kimi sidik yollarının urodinamik pozğunluqları kəskin damar pozğunluqlarının əmələ gəlməsinə səbəb olur.

Venoz durğunluq nəticəsində interstisial sahədə ödem əmələ gəlir və
paralel olaraq limfa dövranı pozulur. Bu isə pozulmuş qan
dövranının daha da pisləşməsinə səbəb olur. Beləliklə, böyrək və
yuxarı sidik yollarının qan dövranı reflektoru, interstisial ödem və
kapsulun gərginləşməsi hesabına pozulmuş olur.

Yuxarıda göstərilən proseslər zamanı ləyəndaxili təzyiqin
azaldılmasına yönəlmiş kompensator mexanizmlər işə düşür. İlk
növbədə ləyəndaxili təzyiq fornikslərə ötürülərək pielo-renal
reflüksa səbəb olur. Digər tərəfdən böyrəkdaxili təzyiq artan zaman
yumaqcıq filtrasiyası zəifləyir və tam kəsilir.

Böyrək mənşəli ağrılar zamanı xəstələr çox narahat olur və ağrı çox
güclü olduğuna görə xəstələr yataqda rahatlıq tapmır. Pasternatski
əlaməti kəskin müsbət olur.

Xəstələrin temperaturu çox zaman normal və ya subfebril olur, təzyiq yüksəlir. Sidiyin analizində dəyişikliklər çox rast gəlinir. Lakin böyrək sancısı zamanı ləyəndən sidik kisəsinə sidik daxil olmadığına görə sidiyin analizində dəyişikliklər olmaya bilər.

Sidik yollarının spazmı aradan qalxdıqda isə sidikdə eritrositlər, zülal və duzlar tapılır. Buna görə də böyrək sancısı zamanı sidiyin analizinin nəticələrinin normal olması diaqnozu istisna etmir.

Böyrək mənşəli ağrını qabırğaarası sinirlərin, xüsusilə T10 və T12
sinirlərin qıcıqlanması nəticəsində meydana çıxan ağrıdan
fərqləndirmək lazımdır.

Bu ağrılar eyni yayılma xarakterinə malik olsalar da sinir mənşəli ağrılar sancışəkilli deyildir və gövdənin vəziyyəti və hərəkəti ilə əlaqədardır. Böyrək mənşəli ağrılar üçün isə bu xarakterik deyildir.