Search
Generic filters

Böyrək ağrısının səbəbləri

Böyrək ağrısının səbəbləri əsasən sidik daşı ilə əlaqələndirilir.

Böyrək ağrısına nə səbəb olur?

Böyrəkdə əmələ gələn daş sidik axarına keçərək onun mənfəzini tutur.  Bununla belə, daş hələ böyrəkdə olarkən tıxanma baş verə bilər.

Qalan hallar böyrək xəstəlikləri (ən çox ləyən-sidik axarı seqmentin stenozu və pielonefrit) ilə əlaqədardır. Bunlar şişlər, qadınlarda – ginekoloji patologiyalar ilə bağlıdır. Səbəblər arasında sidik kisəsinin iltihabı, kişilərdə – prostat vəzinin iltihabı ola bilər.

Böyrək ağrısının səbəbləri arasında bunlar da var:

  • Pielonefrit – böyrək kanalcıqlarında olan iltihablı prosesdir, irin və selik laxtaları ləyən boşluğuna daxil olur. Onlar sidik axarını  bağlaya bilərlər.
  • Böyrək vərəmi – böyrək məməciklərinin bakterial xəstəliyidir, bu halda onların toxumaları ölür və tıxanmaya səbəb ola bilər.
  • Problem böyrək, prostat vəzi və ya sidik axarının özünün şişi tərəfindən sidik axarının sıxılması nəticəsində yarana bilər.
  • Nadir hallarda böyrək nahiyəsində əməliyyatdan sonra yaranan hematoma səbəb ola bilər.

Sidik axarının tıxanması ilə əlaqəli olmayan, lakin böyrək ağrısına səbəb olan bir sıra xəstəliklər var. Beləliklə, ağrının səbəbi böyrək damarlarının trombozu, böyrək infarktı, hidronefroz ola bilər. Problem (uşaqlar da daxil olmaqla) anadangəlmə anomaliyalarla ortaya çıxa bilər: meqakalikoz, axalaziya, diskineziya. Məsələn, böyrəyin aşağı enməsi (distopiya) səbəbindən  sidik axarının bükülməsi və tıxanması baş verə bilər.

Sidik daşları niyə əmələ gəlir?

Sidik daşı xəstəliyinin inkişafına səbəb olan bir neçə risk faktoru var. Əsas səbəblər:

  • artıq çəki;
  • diabet;
  • hipertoniya;
  • bədəndə az həcmdə sidiyin əmələ gəlməsi, bunun nəticəsində həll olunan maddələrin konsentrasiyası artır və durğunluq yaranır;
  • sidik cövhərində fosfor və ammiak miqdarını artıran bakteriyalarla yoluxma;
  • sidikdə  müxtəlif maddələrin kristallaşmasını ləngidən limon turşusunun aşağı səviyyədə olması;
  • sidikdə kalsium duzlarının həcminin artması, bunun nəticəsində həll olunmuş maddələrin kristallaşması;
  • sidik turşusu, sistin, oksalatların konsentrasiyasının artmasına səbəb olan çox miqdarda heyvan zülalının istifadəsi – bu maddələr kristallaşmaya səbəb olur.

Böyrəklərdə daşlarının əmələ gəlməsi duz mübadiləsinin pozulması səbəbindən baş verir. Nəticədə sidikdə həll olunmalı duzlar böyrəklərdə toplanır və tədricən kristallaşır. Bu proses əlamətlər olmadan baş verir, buna görə də xəstə bunu hiss etmir. Narahatlıq yalnız daş böyük ölçüyə çatdıqdan sonra, toxumaları zədələdikdə, sidik axarı tıxananda hiss olunur. Sidik daşları böyrək ağrısının səbəbləri arasında əsas yeri tutur.

Böyrək ağrısının səbəbləri aradan qaldırılmazsa hansı fəsadlar verə bilər?

Böyrək ağrısı ciddi bir xəstəliyin ağırlaşmasını müşayiət edə bilər, buna görə həkimə müraciətinizi gecikdirməməli və ağrının öz-özünə keçəcəyinə ümid etməməlisiniz.

Müalicə başlamadıqda və  hücumlar təkrarlandıqda aşağıdakı ağırlaşmalar mümkündür:

  • dözülməz ağrı səbəbiylə ağrı şoku;
  • hidronefroz – böyrək ləyəninin genişlənməsi;
  • pielonefrit – böyrək ləyənində iltihablı proses;
  • nefroskleroz – böyrək toxuması birləşdirici toxuma ilə əvəz olunur, buna görə orqan öz funksiyalarını itirir və atrofiyası baş verir.
  • urosepsis – sidik ifrazının pozulması səbəbindən  qanın zəhərlənməsi;
  • pionefroz – irin çıxması ilə iltihab.
  • sidik axarlarının daralması səbəbindən sidik ifrazının zəifləməsi.

Xəstə özü vəziyyətinin şiddətliyini müəyyən edə bilmir və vaxt itkisi böyrək çatışmazlığına və böyrəyin itirilməsinə qədər müxtəlif disfunksiyalarına səbəb ola bilər.

Diaqnostika

Müayinə temperaturun, nəbzin tezliyinin, qan təzyiqinin ölçülməsi ilə başlayır. Qarın ön divarının palpasiyası, həmçinin xarici cinsiyyət orqanlarının vizual müayinəsi aparılır. İlkin müayinə zamanı həkimin vəzifəsi böyrək sancısının əlamətlərini digər patologiyalardan ayırmaqdır.

Əlavə olaraq laboratoriya və aparat müayinələri aparılır:

  1. Mütləq sidiyin ümumi analizi.
  2. İltihabi prosesini, qan plazmasında kreatinin, sidik cövhəri və elektrolitlərin səviyyəsini təyin etmək üçün ümumi və biokimyəvi qan testlərinin aparılması tövsiyə olunur;
  3. İnfeksiya əlamətləri olan xəstələrə sidiyin mikrobioloji analizi təyin edilir.
  4. Əgər pasiyentdə daş “çıxıbsa”, onun mineral tərkibini təhlil edirlər.
  5. Aparat metodlarından ən informativ olanı böyrək və yuxarı sidik yollarının kompyuter tomoqrafiyasıdır (kontrastsız həyata keçirilir). Həkim daşın yerləşməsindən, quruluşundan, ölçüsündən, dərinin səthinə qədər olan məsafə barədə məlumat əldə edir.
  6. Əgər KT yerinə yetirmək mümkün deyilsə, onu uroqrafiya ilə əvəz edirlər. Bu sidik sistemi orqanlarının ultrasəs ilə birləşdirilən rentgen müayinəsidir.
  7. Hamilə xəstələrdə böyrək ultrasəsi və ya maqnit rezonans tomoqrafiyası (MRT) həyata keçirilir.

Ultrasəs və uroqrafiya böyrək sancısının diaqnozu üçün əsas üsul kimi istifadə edilmir. Bu, yalnız KT-yə əlavə və ya onu yerinə yetirmək mümkün olmadıqda alternativ hesab edilir. Diaqnoz qoyulmaan, böyrək ağrısının səbəblərini öyrənmədən müalicə tətbiq etmək doöru deyil. .

Profilaktika

Böyərk ağrısı sindromu aradan qaldırılmış, lakin sidik axarından daşı çıxmamış xəstələrə iltihabın inkişafının qarşısını almaq üçün qeyri-steroid iltihab əlehinə dərmanlar təyin edilir. Daş bir ay ərzində öz-özünə çıxmazsa, cərrahi müdaxilə və ya litotripterin tətbiqi barəsində qərar verilir.

Sancının təkrarlanmaması və yeni daşların əmələ gəlməsinin qarşısını almaq üçün pəhrizə riayət etməlisiniz:

  • yüksək kalorili və yağlı qidaları qəbul etməmək;
  • paxlalılar, kələm və bağırsaqlarda köpün əmələ gəlməsini artıran qidaları pəhrizdən çıxarmaq;
  • karbohidratların miqdarını azaltmaq;
  • duz qəbulunu mümkün qədər məhdudlaşdırmaq;
  • çətin həzm olunan ət və balığı qaynadılmış, pörtlədilmiş, bişmiş yemək;
  • pəhrizdən hisə verilmiş, qızardılmış qidaları, ədviyyatları, təzə soğanı və sarımsağı xaric etmək;
  • qazlı və spirtli içkilərdən tamamilə imtina etmək.

Proqnoz

Statistikaya görə, bir ay ərzində sərbəst çıxır:

87%- 1 mm ölçüdə;
72% – 4 mm ölçüdə;
47% – 7 mm ölçüdə;
27% – 10 mm ölçüdə olan daşlar.

Pəhriz və sağlam həyat tərzi qaydalarına tabe olmaqla, təkrarlanma ehtimalı azalır. Lakin böyrəklərdə daş əmələ gəlməsi riskinin artmasına səbəb olan metabolik pozğunluqlar halında xəstə həkim nəzarətində olmalıdır.

Təsnifat

Böyrək sancısının ümumi qəbul edilmiş təsnifatı yoxdur. Bununla belə, həkimlər hələ də onun bir neçə növünü fərqləndirirlər.

Ağrı sahəsinə görə:

  • sol tərəfli;
  • sağ tərəfli;
  • ikitərəfli.

Kliniki prosesin gedişatına görə:

  • ilkin
  • təkrarlanan

Arxa plandakı səbəblərə görə:

  • sidik daşı xəstəliyi;
  • piyelonefrit;
  • damar xəstəlikləri;
  • şişlər;
  • infeksiyalar.

Yekun

Böyrək ağrısı çox vaxt qeyri-sağlam bir pəhriz və ya bədəndə Mineral maddələr mübadiləsinin pozulması ilə əlagəli olan yaranan sidik daşlarının nəticəsidir.Böyrək ağrısının səbəbləridigər hallar da ola bilər. Ağrı sağlam insanı çaşdıra bilər. Bu halda dərhal təcili yardım çağırmalısınız, çünki sidik axarını bağlayan daş ciddi fəsadlara səbəb ola bilər. Böyrək ağrısı dayandırdıqdan sonra təkrarlamaların qarşısını almaq üçün sidik daşı xəstəliyini müalicə etmək lazımdır.

Böyrək ağrısının səbəbləri ilə bağlı nə öyrəndik?

Böyrək ağrısına əsasən nə səbəb olur?

Böyrək ağrısının əsas səbəbləri sidik daşı ilə əlaqədardır. Böyrəkdə əmələ gələn daş sidik axarında tıxanma yarada bilər və ya sidik axarına keçərək onun mənfəzini tutur.

Sidik daşlarının əmələ gəlmə səbəbləri nələrdir?

Sidik saşlarının əmələ gəlməsində əsas səbəblər:
– artıq çəki;
– diabet;
– hipertoniya;
Digər səbəbləri məqaləmizdə araşdıra bilərsiz.

Böyrək ağrısının səbəbləri aradan qaldırılmazsa nə baş verə bilər?

Ağrı səbəbiylə xəstə ağrı şokuna girə bilər. Böyrək ləyəninin genişlənməsi (hidronefroz), iltihablı proseslər (pielonefrit, pionefroz) və digər fəsadlar ola bilər.

Böyrək ağrısı zamanı necə diaqnoz qoyulur?

İlkin müayinə zamanı həkimlər böyrək sancısının əlamətlərini digər patologiyalardan ayırmağa çalışırlar. Müayinə temperaturun, nəbzin tezliyinin və qan təzyiqinin ölçülməsindən başlayır. Sonra isə qarın ön divarının palpasiyası, xarici cinsiyyət orqanlarının vizual müayinəsi aparılır. Əlavə olaraq laborator və cihaz müayinələri aparılır.