Search
Generic filters

Sidiyin kəmiyyət və keyfiyyət dəyişiklikləri

SİDİYİN KƏMİYYƏT VƏ KEYFIYYƏT DƏYİŞİKLİKLƏRİ.


Sidiyin kəmiyyət və keyfiyyət dəyişiklikləri, uroloji praktikada xüsusi əhəmiyyətə malikdir. Sidiyin kəmiyyət dəyişikliklərinə sidiyin miqdarının artması və azalması aiddir. Sidiyin miqdarının artması poliuriya adlanır.

Poliuriya.

Gün ərzində sağlam adamlarda qəbul olunan və xaric olan mayenin miqdarı bir-birinə bərabər olub 2300-2500 ml-dir. Qəbul olunan mayenin xaric olunmasında dəri, ağciyərlər və böyrəklər iştirak edir. Böyrəklər gün ərzində 1500-1700 ml sidik ifraz etməklə su-duz mübadiləsində mühüm rol oynayır.

Lakin ifraz olunan sidiyin miqdarı mütləq olmayıb fizioloji və patoloji səbəblər nəticəsində 0,5 litrdən 15 litrə qədər dəyişə bilər. Sidiyin miqdarının 2000 ml – dən artıq olması poliuriya adlanır. Çox zaman poliuriya izostenuriya və ya hipostenuriya ilə müşayiət olunur. Lakin şəkərli diabetdə sidiyin sıxlığı qlükozuriya ilə əlaqədar yüksək olur.

Poliuriya çox zaman natrium, su və osmolyar yüklənməyə fizioloji cavab reaksiyası kimi və ya ikincili olaraq diuretiklərin təsiri nəticəsində əmələ gəlir. Bu yolla əmələ gələn poliuriyanın əsas səbəbləri aşağıdakılardır;

· Amin turşuları və qlükoza ilə hiperalimentasiya
· Mannitol və sidik cövhəri qəbulu
· Qida ilə artıq miqdarda natrium qəbulu
· Ödem mayesinin qısa müddətdə sorulması

Sidiyin kəmiyyət və keyfiyyət dəyişiklikləri,  uroloji praktikada xüsusi əhəmiyyətə malikdir


Poliuriya çox zaman pollakiuriya və polidipsiya ilə müşayiət olunur. Psixiki xəstələrdə çoxlu miqdarda maye qəbulu – psixogen polidipsiya poliuriyaya, səbəb ola bilər.Poliuriya patoloji səbəblər nəticəsində yarana bilər. Bunun əsas səbəbi nefrogen və mərkəzi mənşəli şəkərsiz diabetdir.

Nefrogen şəkərsiz diabet irsi xəstəlik olub yığıcı borucuqlarda akvoporin-2 zülalının ekspressiya olunmaması nəticəsində əmələ gəlir. ADH-un təsiri bu zülalla bağlı olduğuna görə böyrəklərin sidiyi qatılaşdırma qabiliyyəti zəifləyir və poliuriyaya səbəb olur.


Şəkərsiz diabetli xəstələrdə isə Antidiuretik hormonun ( ADH ) ifrazı  və ya qismən pozulur. Distal kanalcıqlardan suyun reabsorbsiyası pozulur və çoxlu miqdarda hipotonik sidik ifraz olunur. Nefrogen şəkərsiz diabetdən fərqli olaraq vazopressinə cavab müsbət olur. Poliuriya kəskin böyrək çatmamazlığının 2-ci
mərhələsində və xroniki böyrək çatmamazlığında da rast gəlinir.

Poliuriyalı xəstə aşağıdakı ardıcıllıqla müayinə olunmalıdır:
1. Psixogen polidipsiyanı, çoxlu maye və duz qəbulunu istisna etmək.
2. Sidiyin və qanın osmolyarlığını təyin etmək a) əgər sidiyin osmolyarlığı qanın osmolyarlığından çoxdursa qlükozuriyanı istisna etmək
b) sidik izoosmotik olarsa böyrək xəstəliklərini və diuretic qəbulunu araşdırmaq
3. Sidik hipoosmotik olarsa qatılaşdırma testini tətbiq etmək
a) əgər sınaq müsbət olarsa çoxlu maye qəbulu haqqında düşünmək (psixogen və yatrogen)
b) əgər sınaq mənfidirsə nefrogen və mərkəzi mənşəli şəkərsiz diabet haqqında düşünmək.
4. Bu halda vazopressin təyin etmək;
a) cavab müsbət olarsa mərkəzi mənşəli şəkərli diabet
b) cavab mənfi olarsa nefrogen şəkərsiz diabet və renal səbəblər
haqqında düşünmək.

Sidiyin kəmiyyət və keyfiyyət dəyişiklikləri içərisində sidiyin rənginin araşdırılması mühüm diaqnostik əhəmiyyət kəsb edir.

SİDİYİN RƏNGİ.

Normal sidik şəffaf olub sarı-samanı rəngdədir. Sidiyin sarı samanı rəngi tərkibindəki uroxrom piqmenti ilə əlaqədardır. Lakin qatılığından asılı olaraq rəngsiz şəffafdan, tünd sarıya qədər dəyişə bilər. Sidiyin rəngi duzların, dərmanların, metabolik məhsulların, irinin və bakteriyaların təsirindən dəyişə bilər. Hemoqlobin, sidiyi ət suyu rəngindən qonur qırmızıya, hematuriya isə qırmızı rəngə boyayır. Lakin, qırmızı rəng həmişə hematuriya əlaməti deyildir.

Çuğundur yedikdən sonra sidiyin qırmızı rəngi betasianin piqmentinin ekskresiyası ilə əlaqədardır. Bundan başqa qırmızı rəngin səbəbi fenolftalein, əzələ travması ilə bağlı mioqlobinuriya və ya hemoliz nəticəsində baş verən hemoqlobinuriya ola bilər. Əlavə olaraq Serratia marcessens bakteriyası “red diaper syndrome”-na səbəb ola bilər. Bəzi dərman preparatları sidiyi müxtəlif rəngə boyayırlar; məsələn, rifampisin, sidiyi narıncı-sarı rəngə, L-dopa və metronidazole qəhvəyi-qırmızı rəngə, nitrofuran törəmələri isə qəhvəyi rəngə boyayır. Porfirinuriyalarda sidiyin rəngi qırmızıdan qaraya qədər dəyişir. Biliverdin sidiyə yaşıl rəng verir.

Homogentizin turşusu və metal tərkibli sidik isə havanın oksigeni ilə birləşərək qaralır. Normal sidik çalxalandıqda əmələ gələn köpük ağ rənglidir. Sarımtıl-yaşıl və ya qonur rəngli köpük bilirubinin varlığını göstərir. Hepatitin başlanğıc mərhələsində urobilinogenin ekskresiyasının artması nəticəsində sidiyin rəngi sarı, daha sonra isə bilirubinin təsirindən qonur rəngə boyanır.

Bulanıq sidik əsasən piuriya əlaməti olsa da, çoxlu miqdarda fosfat və ya karbonatlarla da əlaqədar ola bilər. Bunu fərqləndirmək üçün sidiyə 5-10 %-li sirkə turşusu əlavə edirlər. Bulanıqlılığın itməsi sidikdə fosfat duzlarının olmasını göstərir. Sidikdə karbonatlar olduqda isə şəffaflığın bərpa olması ilə yanaşı qaz qabarcıqları xaric olur.

Sidiyin bulanıq rəngi uratlarla da bağlı ola bilər. Urat duzları əsasən pH-ı 6,0-dan aşağı olan sidikdə əmələ gəlib qələvi mühitdə həll olurlar. Sidikdə qırmızı rəngli çöküntü verirlər. Uratlarla bağlı olan qırmızı rəng qızdırıldıqda və ya qələvi əlavə edildikdə itir. Bir neçə damcı 12%-li xlorid turşusu əlavə etməklə sidiyin bulanıq rəngi yox olursa bu sidikdə oksalatların olmasını göstərir. Sidiyin bulanıq rənginin səbəblərindən biri də sidikdə hüceyrəvi elementlərin olmasıdır. Yastı epitel hüceyrələrinin olması ilə sidiyin bulanıqlığı artır.

Sidiyin kəmiyyət və keyfiyyət dəyişiklikləri içərisində sidiyin sıxlığının öyrənilməsini diaqnostik əhəmiyyəti nədir?


SİDİYİN SIXLIĞI.

Normal sidiyin sıxlığı 1,010–1,030 olub fizioloji və patoloji səbəblərdən dəyişir. Çoxlu maye qəbul etdikdə sidiyin sıxlığı azaldığı halda susuzluq, qusma, diarreya və digər dehidratasiya vəziyyətlərində sidiyin sıxlığı azalır. Kəllə-beyin travmalarında ADH-un ifraz olunmasının azalması nəticəsində və şəkərsiz diabetdə sidiyin sıxlığı azalır. Xroniki böyrək çatmamazlığında böyrəyin qatılaşdırma funksiyası azaldığına görə sidiyin sıxlığı 1,010-dan kiçik olur və hipostenuriya adlanır. Ağır metal duzları ilə zəhərlənmə və şəkərli diabet zamanı sıxlığı artır və hiperstenuriya adlanır. Kəskin böyrək çatışmazlığı və prerenal azotemiyada sidiyin sıxlığı 1,015-dən yüksək, kəskin tubulyar nekrozda isə 1,015-dən aşağı olur.


Sidiyin sıxlığı əməliyyatdan sonrakı dövrdə xəstənin hidratasiya vəziyyətini əks etdirən əsas göstəricilərdən biridir. Bundan başqa sidiyin sıxlığı digər laborator göstəricilərə təsir göstərdiyinə görə böyük diaqnostik əhəmiyyət kəsb edir. Sıxlığı aşağı olan sidikdə hamiləlik testləri yanlış mənfi ola bilər və yaxud sıxlığı yüksək olan sidikdə zülal testləri yanlış olaraq müsbət olur. Sidikdə qlükoza, zülal, kontrast maddələr, maqnezium sulfatın varlığı sidiyin sıxlığının yüksək olmasına səbəb olur.

Xroniki qlomerulonefritlərin son mərhələsində böyrəyin qatılaşdırma və durulaşdırma funksiyası pozulduğuna görə xəstələr sıxlığı 1,010–1,012 olan sidik ifraz edirlər. Bu izostenuriya adlanır.Xəstə maye qəbul etməsindən asılı olmayaraq eyni sıxlıqlı sidik xaric  edirsə (1,015–1,017) akkomodasiya pozğunluğu adlanır. Sidiyin sıxlığı urometr və ya refraktometrlə ölçülür.

Sidiyin PH-ı Təzə ifraz olunmuş sidiyin pH-ı 5,85 olub zəif turşdur. Sağlam adamlarda sidiyin pH-ı 4,8-dən 8,0- ə qədər dəyişə bilər. Sidiyin pH- nı bilmək bir neçə baxımdan böyük kliniki əhəmiyyət kəsb edir. Xəstədə urat duzlarının ifraz olunması sidiyin pH-nın 6,5-dən aşağı olmasını göstərir və əksər hallarda 5,5-dən aşağı olur. Çünki, qələvi mühitdə urat duzları asanlıqla həll olur. Kalsium daşları və nefrokalsinozu olan xəstələrdə sidiyin pH-ı qələvi olub 6,0-dan yüksəkdir.

Renal Tubulyar Asidoz(RTA)-da sidiyin pH-ı 6,0-dan aşağı düşmür. Sidik cövhərini parçalayan bakteriyaların (Proteus və Klebsiella) törətdiyi infeksiyalarda sidiyin sıxlığı 7.0-dən yüksək olur. Böyrək vərəmində, pielonefritdə, şəkərli diabetə bağlı diabetik ketoasidozda, hiperurikemiyada sidiyin pH-ı 5,5-dən kiçik olur. Renal tubulyar asidozda (RTA), hiperventilyasiyada və qusmalarla müşayiət olunan xəstəliklərdə, qələvi məhlullarla müalicədən və yeməkdən sonra sidiyin pH-ı qələvi olur.